|
REGRESAR

Viza müraciəti proseduru

Argentinaya getmək üçün viza  müraciəti proseduru aşağıda qeyd olunan mərhələlərdən ibarətdir:

 

  1. Viza növü ilə bağlı sorğu.

Argentinaya səyahət etmək istəyən şəxs öz sorğusunu secon_eazer@mrecic.gov.ar elektron poçt ünvanına göndərməlidir.

Nəzərə alın ki, viza müraciəti etmək üçün son tarix səyahət tarixindən 45 gün öncədir.

Viza müraciəti etmək üçün şəxsi məlumatlarınızın yerləşdiyi pasport səhifəsinin skan edilmiş surətini əlavədə bizə göndərməyiniz, həmçinin aşağıda qeyd olunan məlumatları əlavə etməyiniz xahiş olunur:

  1. Vətəndaşlıq
  2. Argentinada qalacağınız təxmini müddət;
  3. Səyahət məqsədi (turizm, iş, biznes, yaşayış yeri və s.) bütün müvafiq məlumatlarla birlikdə;
  4. Yaşayış yeri (hazırda yaşadığınız şəhər);
  5. Səyahət tarixi.

Viza üçün ilkin tələblər və Ərizə-anket Forması, həmçinin vizanın işlənməsi üçün nəzərdə tutulacaq son tarixlər e-poçt ünvanınıza göndəriləcək.

 

  1. İlkin sənədləri təqdim etmək üçün görüşün istənilməsi.

Tələbləri və  Ərizə-Anket Formasını Səfirliyin Konsulluq Şöbəsinə təqdim etmək üçün siz e-poçt vasitəsilə görüş istəməlisiniz.

Beləliklə, bütün ilkin sənədləri hazır etdikdən  sonra secon_eazer@mrecic.gov.ar e-mail poçt ünvanına yazmağınız xahiş olunur.

İlkin sənədlər yalnız tam şəkildə təqdim  oldunduqda və lazımi qaydada məlumatlandırıldıqda qəbul edilir. Bundan əlavə, siz haqqında məlumat verilən səfər tarixindən sonra ən azı 6 ay etibarlılıq müddəti olan və viza möhürü üçün boş səhifələri olan pasport təqdim etməlisiniz.

Nəzərə alın ki, ilkin sənədlərin təqdim edilməsi vizanın verilməsinə zəmanət vermir. İlkin sənədlərin təhlilindən sonra və ya konsulluq müsahibəsi əsasında konsulluq rəhbəri əlavə sənədlər tələb edə bilər. Tələb oluna biləcək hər hansı əlavə sənədi təqdim etmək viza müraciəti edən şəxsin  öhdəliyindədir.

 

  1. Sənədlərin təqdimatı.

Sizin üçün  təyin olunmuş gündə aşağıda qeyd olunan məqamlara əməl etməlisiniz:

  • Tələb olunan bütün ilkin sənədləri Viza Müraciət Forması ilə birlikdə təqdim edilməsi (bu sənəd  andiçmə bəyannaməsi dəyərinə malikdir);
  • Viza rüsumunun ödənilməsi.

Qeyd edək ki, natamam ilkin sənədlər təqdim etsəniz, bu qəbul edilməyəcək və sənədlərinizi yenidən təqdim etmək üçün başqa görüş istəməli olacaqsınız.

Nəzərə alın ki, istər Ərizə-Anket Formasında, istərsə də konsulluq məmuru tərəfindən tələb olunan sənədlərdə yalnış informasiyanın qeyd olunması və yaxud da  konsulluq müsahibəsi zamanı qəsdən saxta sənədlərin və ya məlumatların təqdimatı vizanın rədd edilməsi və sonradan onun Milli Miqrasiya İdarəsinə bildirilməsinə, habelə  Argentina Respublikasının  qanunvericiliyində nəzərdə tutulan cəzaların tətbiq edilməsinə kifayət qədər əsas olacaqdır.

Viza rüsumu ABB Bank filialında ödənilməlidir. Beləliklə, bütün tələb olunan ilkin sənədlər təqdim edildikdən sonra, ödənişi ABB bank filialında həyata keçirmək üçün sizə ödəniş qəbzi veriləcək.

Sonra, viza müraciəti edən şəxs Bank tərəfindən möhürlənmiş ödəniş qəbzini (çeki) Konsulluq Şöbəsinə təqdim etməlidir.

İlkin sənədlər və rüsumun ödənilməsinə dair sübut Konsulluq İdarəsinə təqdim edildikdən sonra viza müraciəti prosesi rəsmi olaraq başlayacaq.

Konsulluq İdarəsi təqdim edilmiş ilkin sənədləri təhlil etdikdən sonra ehtiyac olduğu halda  əlavə sənədlər tələb edəcək.

İlkin sənədlər yoxlanıldıqdan və tələb olunan hər hansı əlavə sənədlər təqdim edildikdən sonra sizə konsulluq müsahibəniz üçün tarix təyin olunacaq və bu tarix yazılı şəkildə e-poçt ünvanınıza göndəriləcək. Zəhmət olmasa, qeyd olunan e-poçta cavab verməklə iştirakınızı yazılı şəkildə təsdiqləyin.

 

  1. Konsulluq müsahibəsi.

Müsahibə Konsul tərəfindən aparılacaq.

Konsulluq müsahibəsi qeyd olunan səyahət tarixindən ən azı bir ay əvvəl aparılmalıdır.

Müsahibə başa çatdıqdan sonra onu təsdiqləmək və ya rədd etmək barədə qərarı gözləməlisiniz. Bu qərar konsulluq müsahibəsindən sonra bir ay müddətində məlum ola bilər. Viza müraciəti ilə bağlı qərar qəbul etməzdən öncə viza ərizəçisinin əlavə konsulluq müsahibəsində iştirak etmək və ya əlavə sənədləri təqdim etmək üçün çağırılması da mümkündür.

 

  1. Konsulluq qərarının bildirilməsi.

Viza müraciəti ilə bağlı qərar qəbul edildikdən sonra ərizəçi qərar barədə məlumatlandırılmaq və müvafiq vizaya möhür vurulması üçün Konsulluq Şöbəsinə çağırılacaq.

 

 

Updated date: 26/07/2024